logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
TƏCRÜBƏLƏR

MİLLİ KULİNARİYA

Xəngəl
Populyar olduğu yer – Bütün dağ kəndlərində
Əgər qoyun əti ilə bişirilirsə əti təmiz yuyulduqdan sonra, sümüklə birgə xırda-xırda doğranılır və qazana tökülür. Xörək mal ətindən bişirilirsə, yumşaq ət sümüklərdən ayrılır. İri sümüklər qazandakı suya salınır. Ət isə ətçəkən maşının iri gözündən keçirildikdən sonra duzlanır, xırda küftələr tutularaq sümük olan qazana tökülür. Tez-tez kəfi alınır. Yaxşı bişirildikdən sonra mal ətinin iri sümükləri qazandan çıxarılır. Ət bişənədək, ayrı qabda qızardılmış baş soğana pomidor və ya tomat töküb bir qədər qaynatdıqdan sonra ət qazanına boşaldırlar.Bir dərin qaba ailə üzvlərinin sayından asılı olaraq un tökülür, bir az duz atılır, yumurta da vurula bilər, sonra bərk yoğrulur. Xəmir balaca kündələrə ayrılır. Kündələr 1 mm qalınlığında yayılır. Yayılan zaman yapışmaması üçün arasına un səpilir. Əgər xəngəl bişirilirsə, yayılmış yuxa oxlova dolanır və bıçaqla kəsilir. Sonra 1-1.5 sm böyüklükdə kvadrat şəklində doğranır. Doğranmış xəngəl ələkdən keçirilib unu çıxarıldıqdan sonra qazanda qaynayan ətli suya az-az tökülür və qarışdırılır ki, isti suda bir-birinə yapışmasın. Qazana sarıkök, istiot səpilir. Xəmir qazandakı suyun üzünə çıxanda deməli xörək hazırdır. Yalnız bundan sonra qazana təmizlənib xırda doğranmış keşniş tökürlər. Qazan götürülür və hazır xörək şorba qabına boşaldılıb süfrəyə verilir. Əksər ailələrdə adətən xəngəli sarımsaqlı qatıqla və ya qurudla yeyirlər.




Sini xəngəl
Populyar olduğu yer – Bütün rayon ərazisində
Xəngəli sinidə masaya servis edirlər. Qaydaya görə hamı ortadan, bir qabdan yeyir. Xəngələ kartof qatmaq qaydasını tovuzlular kəşf ediblər. Xəmir, yağ, soğan, qoyun və ya toyuq əti, eləcə də kartofun bir araya gəldiyi yeganə yeməkdir. Hazırlanma qaydası: əvvəlcə un və sudan sadə xəmir yoğrulur. Kiçik kündələrə bölünür. Böyük qazanla bir su doldurulub qaynamağa qoyulur. İçinə duz atılır. Yuxa yayılır və qurumağa imkan verilmədən eninə və uzununa böyük yarpaqlar halında bir neçə yerə bölünür. Həmin qaynayan suyun içərisinə atılır. Bişirildikdən sonar sini qabda altdan xəmir, sonra kartof və üstünə də əvvəlcədən kərə yağında pomidorla qovrulmuş soğança səliqə ilə yayılır. Bunun üstünə sarımsaq qatıq töküb yemək adətdir. İstəyə görə yeməyə albalı sousu əlavə edilir.




Aksağalax – Axsoğlax
Populyar olduğu yer – Bütün rayon ərazisində
Tovuz dağ kəndlərinin ən praktik yeməyi hesab edilir. Nehrə yağı, yumurta, qatıq və sarımsaqdan hazırlanan bu xörəyə Tovuz üsulu qayğanaq de demək olar. Əvvəlcə nehrə yağı dərin tavanın içərisində qızdırılır. Bir neçə yumurta qarışdırılaraq əlavə olunur. Qaynar yağda bişirilir. Geniş boşqaba sarımsaqlı qatıq tökülür və bişmiş yumurta tavadan onun üzərinə tökülür.Bol nehrə yağında hazırlanan Axsoğlax yüksək kalorili sayılır və sərt iqlim,ağır fiziki işlə məşğul olan dağ kəndlərinin sakinləri üçün enerji mənbəyi rolunu oynayır.




7 qatlı şirniyyat
Populyar olduğu yer – Bütün rayon ərazisində
Bu şirniyyat yalnız Tovuzda bişirilir. Zəhmət və vaxt tələb edən şirniyyatın bişirilməsi xüsusi diqqət tələb edir. Ən maraqlısı isə şirniyyatın 7 qat olmasıdır. Elə ona görə də qatlama adlandırılır. Xəmir tam hazır olandan sonra bir saat saxlanılır. Sonra orta ölçülü kündə halına gətirilir və yayılır. Qatlamanı bişirərkən yağı bol olmalıdır. Bu da qatlamanın dadlı və yumşaq olmasına görədir. Yayılan xəmir bişirilərkən tez-tez çevrilməlidir ki, yanmasın.




Cız-bız
Populyar olduğu yer – Bütün rayon ərazisində
Təmizlənmiş qoyun bağırsağı 2-3 sm uzunluğunda doğranır. Qaraciyər, böyrək, ürək və mayalıq da doğranır, duz, istiot vurularaq birlikdə qovrulur. Sonra buna dilim şəklində doğranmış soğan və ayrıca uzunsov doğranılıb qızardılmış kartof əlavə edilir və hazır vəziyyətə gətirilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir, yanına sumaq qoyulur.

Tərkibi:
• Ağ ciyər, qara ciyər, böyrək, ürək və s. hər növ qoyun içalatı
• Qoyunun bağırsaq hissəsi
• Orta ölçülü kartof
• Baş soğan
• İstəyə görə pomidor və bibər
• Qoyunun quyruq hissəsi (olmasa yağ)
• Duz
• İstiot





Xaşıl
Populyar olduğu yer – Bütün rayon ərazisində
Adətən səhər yeməyi sayılır. Qazana isti su tökülür, duz qatılır və qarışdırılır. Qarışdırılmış su bir az soyuduqdan sonra un əlavə olunaraq yaxşı qarışdırılır və üzərinə yağ, bəhməz əlavə edilib süfrəyə verilir. Qış aylarında daha çox bişirilir. Dağ kəndlərində bal ilə birlikdə süfrəyə verilir. Rayonun əksəriyyət restoranlarında qış aylarında xaşıla qonaq olmaq mümkündür.




Qulançar bitkisi
Populyar olduğu yer – Əlibəyli, Yuxarı Öysüzlü kəndləri
Tovuzun dağlıq ərazilərində bitir qulançar bitkisi.Sakinlər kolların arasından çətinliklə yığılan bu bitkini bazarlara çıxararaq satırlar. Həm dadı, həm də faydası ilə seçilən qulançarın qiyməti isə heç də ucuz deyil. Tovuz rayonunun Əlibəyli, Yuxarı Öysüzlü kəndlərinin sakinləri may ayının ortalarına qədər qulançarın həm yığımı, həm də satışı ilə məşğul olurlar. Onlar səhər saatlarından etibarən dağlıq ərazilərə gedir və kolluqlardan qulançar toplayırlar. Sakinlər deyir ki, qulançardan hazırlanan təamlar quzu ətindən də dadlı olur. Elə qiyməti də quzu ətinə bərabərdir.